Quantcast
Channel: 10 Most Recently Updated Pages
Viewing all 238 articles
Browse latest View live

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Masallıda vətəndaşlarla görüşüb

0
0

 

 

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Masallı şəhərində vətəndaşlarla görüşüb.

 

Nazir Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

 

Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələləri əhatə edib.

 

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

 

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

Səfər çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

 

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması  barədə tapşırıqlar verib.


Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” öz işinə başlayıb

0
0

 

 

Bu gün Bakıda Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun birgə təşkilatçılığı ilə Rusiya və MDB-də innovativ startapların axtarışı üzrə ən böyük tədbir hesab edilən “Açıq İnnovasiyalar üzrə Startap Turu”  (“Open Innovations Startup Tour”) öz işinə başlayıb.

 

Açılış mərasimində qonaqları Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi nazir Ramin Quluzadənin adından salamlayıb. Nazirliyin şöbə müdiri Tahir Məmmədov  Açıq İnnovasiyalar üzrə Startap Turu”nun Bakıda təşkilinə görə Rusiyanın “Skolkovo” Fonduna minnətdarlığını bildirib. 

 

T.Məmmədov ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyri-neft sektorunun, o cümlədən yüksək texnologiyaların və innovativ inkişafın vəzifə kimi müəyyənləşdirildiyini vurğulayıb.

“Biz bu sahədə həmişə digər ölkələrlə, xüsusilə yaxın qonşumuz olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığa hazırıq. Tədbirin məhz Bakı Biznes Mərkəzində keçirilməsi təsadüfi deyil. Çünki, elə bizim iştirakçıların da son məqsədi ideyalarını biznesə çevirməkdir. Biz ümid edirik ki, birgə dəstəyimizlə onlar öz ideyalarını həyata keçirə biləcəklər”.

 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Oleq Muraşev isə qeyd edib ki, bugünkü tədbir Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edir. ““Açıq İnnovasiyalar üzrə Startap Turu” dövlətlərimizin çoxşaxəli əməkdaşlığının daha bir mərhələsidir. Biz səmimi qəlbdən gənc sahibkarlara həm Azərbaycanda, həm də Rusiyada həyata keçirə biləcəkləri yeni uğurlu layihələr arzulayırıq. Güman edirik ki, “Skolkovo” Fondunun Azərbaycandakı missiyası gənc sahibkarlar üçün yeni imkanlar açacaq”.

 

 “Skolkovo” texnoparkının baş direktoru Renat Batırov  vurğulayıb ki, bugünkü tədbir həm Rusiya regionları, həm də yeni ölkə ilə əməkdaşlıq üçün yaxşı başlanğıcdır, çünki yeni regionda “Skolkovo” Fondunun rezidentləri bir çox hallarda  yerli bazarlara çıxış əldə edir, yeni sifariş və investisiyalar cəlb edir. "Biz rezidentlərimizin Azərbaycan bazarına daxil olmasında maraqlıyıq. Mən təkcə enerji şirkətləri bazarını deyil, biotibbi texnologiyalar, kənd təsərrüfatı, eləcə də turizm bazarını nəzərdə tuturam. Bununla yanaşı, biz Azərbaycan şirkətlərinin “Skolkovo” Fondunun rezidentləri olmasına, Rusiya bazarına çıxmasına və təqdim etdiyimiz bütün imkanlardan yararlanmasına şad olarıq”.

 

Tədbir çərçivəsində ekspert və spikerlər komandası bütün gün ərzində mühazirə və master-klasslar vaxtı gənc sahibkarlarla müzakirələr aparıb. Bundan başqa, bütün arzu edənlər mentor sessiyasında iştirak edib, tərəfdaş inkişaf institutlarının və iri İT şirkətlərinin nümayəndələri iştirakçılara layihələrin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.

 

“Açıq İnnovasiyalar üzrə Startap Turu” startap komandalarının illik seçimində ilk mərhələdir. Layihələrin növbəti inkişaf mərhələləri “Startup Village” konfransı və “Açıq innovasiyalar” Forumu olacaq.

Turun başlıca məqsədi həm Rusiyada, həm də MDB-də texnoloji sahibkarlığın formalaşdırılması, inkişafı və perspektivli innovativ layihələrin axtarışıdır. Məhz buna görə layihənin coğrafiyası daim genişlənir. “Skolkovo” Fondu üçün “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində ikigünlük tədbirin Bakıda keçirilməsi Azərbaycanın innovativ infrastrukturu ilə ilk və uğurlu əməkdaşlıqdır.

 

Artıq sabah - aprelin 18-də Bakı Biznes Mərkəzində müsabiqə iştirakçıları layihələrini ekspertlərdən ibarət münsiflər heyətinə təqdim edəcəklər. 

Azərbaycan RRB-nin Administrasiya Başçıları Şurasının və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının birgə iclasında təmsil olunub

0
0

 

18-19 aprel tarixlərində Belarus Respublikasının Minsk şəhərində Regional Rabitə Birliyinin (RRB) Administrasiya Başçıları Şurasının 52-ci və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının 23-cü birgə iclası keçirilir.

 

İclasda  Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, Bolqarıstan və Latviyanın rabitə administrasiyalarının başçıları, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının, Ümumdünya Poçt İttifaqının, Regional Rabitə Birliyinin və “İntersputnik” beynəlxalq kosmik rabitə təşkilatının rəhbərləri iştirak edir.

 

İclasda ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.  

 

Sahə üzrə 30-a yaxın aktual məsələnin müzakirə olunduğu iclasın ilk günündə  RRB-nin gələcək fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilib.

 

Nazir Ramin Quluzadə iclasın gündəliyinə dair məsələlərə münasibət bildirib və qeyd edib ki, Regional Rabitə Birliyi səmərəli regional təşkilat nümunəsidir.

 

Nazir iclasda müzakirə olunan məsələlərin və qəbul edilən qərarların İKT sektorunun və informasiya cəmiyyətinin davamlı inkişafına, işgüzar əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.

 

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə  iclas iştirakçılarına məlumat verən Ramin Quluzadə qeyd edib ki,  bundan sonra da Azərbaycan RRB-nin fəaliyyətinin bütün istiqamətləri üzrə uğurlu əməkdaşlığı davam etdirəcək.

 

Tədbir çərçivəsində nazir RRB-nin üzvü olan bir neçə  ölkənin rabitə administrasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.  

“Açıq İnnovasiyalar üzrə Startap Turu”nda ilk dəfə Azərbaycanın ən yaxşı startapları seçildi

0
0

 

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində ilk dəfə keçirilən “Open Innovations Startup Tour” (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində Azərbaycanın ən yaxşı startapları müəyyən edilib. 


Müsabiqədə iştirak edən layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas olub.

 

Arif Mövsümzadə, Aleksey Cəfərov və Fidan Rüstəmovadan ibarət  “Spinal” komandasının “Lia” layihəsi, Orxan Əhmədovun  “Kvotter”  layihəsi, Şahlar Paşayevin “Sağlam Yaşam platforması” layihəsi turun qalibi olublar.

 

Müsabiqə qalibləri mükafatla yanaşı, “Skolkovo” Texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün “Startup Village” startap-konfransında iştirak hüququ əldə edib.

 

“Açıq İnnovasiyalar üzrə Startap Turu”nun əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

 

İkigünlük tədbirdə Rusiyadan “Skolkovo” texnoparkının nümayəndələri, yerli və beynəlxalq startaplar, biznes qurumlarının təmsilçiləri iştirak edib. Tədbir startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platforma rolunu oynayıb.

“TIBO 2017” sərgisində ölkəmizin telekommunikasiya sahəsindəki yenilikləri nümayiş etdirilir

0
0

 

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən "TIBO-2017" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir.

 

Nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir.

 

Tədbirin açılış mərasimində Belarus Respublikasının baş nazirinin birinci müavini Vasili Matruşevski, bu ölkənin rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, beynəlxalq təşkilatların və eləcə də digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

 

Sərgidə təşkil olunan tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.

 

Ənənəvi olaraq hər il keçirilən sərgi telekommunikasiya, bank və ofis texnologiyaları sahəsi üzrə ixtisaslaşıb.  

 

Sərgidə informasiya və kommunikasiya texnologiyaları sahəsində proqram təminatı, bank texnologiyaları, istehlakçı elektronikası üzrə yerli və əcnəbi şirkətlərin ən son nailiyyətləri nümayiş olunur.

 

Builki sərgidə son nəsil ofis kompüterləri, “5G” texnologiyası, “elektron hökumət” və “ağıllı” əşyalar kimi tətbiqlər nümayiş etdirilir. Sərgidə 18 ölkədən (Belarus, Rusiya, Qazaxıstan, Azərbaycan, Litva, Latviya, Polşa, Çexiya, Almaniya, Avstriya, Finlandiya, İsveç və s.) 100-dən çox şirkət iştirak edir.

 

Sərgi çərçivəsində müxtəlif mövzular üzrə 15 “dəyirmi masa” keçiriləcək.

 

Qeyd edək ki, 1994-cü ildən keçirilən “TIBO” Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

Azərbaycanın tərəfdaş olduğu “Svyaz-2017” sərgisi öz işinə başlayıb

0
0

 

 

Azərbaycan Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Svyaz-2017” (“Rabitə-2017") 29-cu Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində təmsil olunur.

 

Sərgidə tərəfdaş ölkə statusunda ilk dəfə Azərbaycan çıxış edir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi milli pavilyonda ölkəmizin telekommunikasiya, elektron hökumət, elektron həllər, poçt və  mobil rabitə sahəsində qazandığı nailiyyətlər nümayiş olunur.

 

Sərgidə nazir müavini  Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə dövlət, özəl qurumlardan 20-yə yaxın təmsilçi daxildir.

 

Bu gün sərginin açılış mərasimi olmuşdur və tədbirdə digər rəsmilərlə yanaşı, Azərbaycan nümayəndəsi də çıxış etmişdir.

 

1975-ci ildən keçirilən sərgi MDB və Şərqi Avropada informasiya texnologiyaları və telekommunikasiya sahəsində ən böyük həll və məhsulların təqdim edildiyi platforma hesab edilir.

 

Aprelin 28-də başa çatacaq sərgidə dünyanın 21 ölkəsindən 322-dən çox aparıcı şirkət iştirak edir.

 

Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, məlumatötürmə şəbəkələri üçün həllər, telekommunikasiya, server və şəbəkə avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, xüsusiləşmiş proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.

 

Bundan başqa, “Svyaz-2017” aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançasıdır. Sərgi zamanı telekommunikasiya və İT sənayesinin aktual məsələlərinə həsr olunmuş konfrans, “dəyirmi masa” və təqdimatların keçirilməsi nəzərdə tutulur. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib

0
0

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən iclasda nazir müavinləri, nazirin müşavirləri, mobil operator və internet provayderləri, eləcə də rabitə birlik müəssisələrinin rəhbərləri iştirak edib.

 

Müşavirədə çıxış edən nazir Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 12-22 may tarixlərində baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirir.

 

Nazir Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qərargah və İşçi Qrup yaradıldığını qeyd edib. Bildirib ki, İşçi Qrupu İslam Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün tədbirlər görür və bu işlər başa çatdırılmaq üzrədir.

 

Nazir mötəbər və nüfuzlu beynəlxalq tədbirlərin peşəkarlıqla təşkilində böyük təcrübəsi olan Azərbaycanın daha bir əlamətdar tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

 

Müşavirədə bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin tələblərinə uyğun olaraq nazirliyin üzərinə düşən rabitə ilə bağlı işlər, Oyunların keçiriləcəyi məkanların və təşkilati binaların dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsi həyata keçirilib.

 

Eyni zamanda, oyun və təşkilati məkanların dayanıqlı, yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik 386 km optik kabel və  radiotezliklər ayrılıb.

 

Müşavirədə çıxış edən mobil rabitə operatorlarının rəhbərləri bildirib ki, Oyunların keçiriləcəyi məkanların, stadionların, onlara yaxın ərazilərin keyfiyyətli mobil rabitə ilə təmin edilməsi məqsədi ilə mobil şəbəkələrdə səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyalar üzrə təqdim olunan xidmətlər üzrə uyğun tədbirlər görülüb. Qeyd edilib ki, həmin ərazilərdəki mobil şəbəkə xidmətləri gündəlik nəzarətdə saxlanılır.

 

Həmçinin, Oyunlarla bağlı ölkəmizə gələn qonaqların və iştirakçıların mobil cihazlardan rahatlıqla istifadəsinin təmin olunması məqsədilə 01 aprel 2017-ci il tarixindən 01 iyun 2017-ci il tarixinə qədər mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan 30 (otuz) gün müddət artırılaraq 60 (altmış) gün müddətlə əvəz edilib.

 

Eyni zamanda, Oyunlar ərəfəsində qonaqların (turist) mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin olunması məqsədilə cari ilin 15 aprel tarixindən başlayaraq 01 iyun tarixinə qədər xarici vətəndaşlara  mobil telefon  nömrələrinin  sadələşdirilmiş qaydada satışının həyata keçirilməsi operatorlar tərəfindən təmin edilib.

 

İnternet provayderlərin rəhbərləri isə  məlumat verib ki, internetin dayanıqlılığının təmin edilməsi məqsədilə əsas və alternativ istiqamətlərdən kanallar ayrılıb. Belə ki, Oyunlar dövründə internet şəbəkəsinin təhlükəsiz işinin təmin edilməsi üçün “Delta telecom” MMM və “Azərtelekom” MMC-də DDOS kibertəhlükəsizlik sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb. 

 

Müşavirədə nəqliyyatın təşkili üzrə də müzakirələr aparılıb. Qeyd edilib ki, Oyunların Əməliyyat Komitəsinin istifadəsi üçün nazirlik tərəfindən  247 ədəd “London Taxi”si iki növbəli qrafiklə xidmət göstərilməsi üçün ayrılıb. Taksiləri idarə edən sürücülər isə  təlimlərə cəlb edilib.

 

Müşavirənin sonunda oyun məkanlarının dayanıqlı və alternativ rabitə xidmətləri ilə təchiz olunması, mobil rabitə xidmətlərinin yüksək səviyyədə işləməsi üçün lazımi tədbirlərin görülməsi, optik kabellərin mühafizəsinin gücləndirilməsi, internet xidmətlərinin keyfiyyətli təşkili, dövlət və strateji saytların təhlükəsizliyi üzrə lazımi tədbirlərin görülməsi, radiotezliklərin təyinatına uyğun istifadəsi,  04 may – 23 may tarixlərində bütün nəqliyyat və rabitə müəssisələrinin gücləndirilmiş iş rejiminə keçməsi, keyfiyyətli və fasiləsiz teleradio yayımlarının təmin edilməsi, taksi əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri işlərin görülməsi qərara alınıb. 

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi

0
0

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsinə start verilib.

 

Bu gün Bakı Mühəndislik Universitetində baş tutan açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Bakı Mühəndislik Universitetinin rektoru  Havar Məmmədov çıxış edərək olimpiadanın əhəmiyyətindən danışıblar.

 

Bildirilib ki, olimpiada artıq 11-ci ildir ki, keçirilməkdədir.

 

Qeyd edilib ki, “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.

 

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

 

Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın “www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.

 

Ötən 10 ildə hər il orta hesabla 10 - 15 ali təhsil müəssisəsindən 40 - 50 komanda (160 - 200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulub.

 

Bu il isə respublika üzrə 24 ali təhsil müəssisəsindən 52 komanda “www.olimpiada.az” saytında qeydiyyatdan keçib və Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərir.

 

Bu il Olimpiadaya 208 tələbə qatılıb. Müxtəlif komandaların tərkibində 20-dən artıq xanım iştirakçı təmsil olunur.

 

Olimpiada beynəlxalq “ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) və “IOI” (Şagirdlər arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə “www.e-olymp.com/az” saytı vasitəsilə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.

 

Qaliblər “Nar” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.

 

Olimpiadanın növbəti (final) mərhələsi 06 may 2017-ci tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.


Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək

0
0

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 5 may 2017-ci il tarixində  saat 12:00-da İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

 

Vətəndaşlardan mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

İsmayllı rayonunda                 020 2854444

Şamaxı rayonunda                  020 2651466

Qobustan  rayonunda             020 2450122

Ağsu rayonunda                      020 2264499

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İsmayıllıda vətəndaşlarla görüşüb

0
0

 

 

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İsmayıllı şəhərində vətəndaşlarla görüşüb.

 

Nazir  İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətləri,  bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

 

Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələləri əhatə edib.

 

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

 

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

Səfər çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

 

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması  barədə tapşırıqlar verib.

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində anım mərasimi keçirilib

0
0

 

 

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.

 

Nazirliyin kollektivi Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

 

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ulu öndərin xatirəsini anım mərasimi keçirilib.

 

Tədbirdə  ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolunu əks etdirən filmə baxış olub.

 

Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb. Nazir ulu öndərin Azərbaycanın gələcək hərtərəfli inkişafının təməlini qoyduğunu qeyd edib.

Heydər Əliyevi görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi xarakterizə edən R.Quluzadə onun gərgin səyləri nəticəsində ölkəmizdə sabitliyin, sülh və əmin-amanlığın, siyasi islahatların, demokratikləşmə, iqtisadi yüksəliş və  sosial rifahın bərqərar olduğunu vurğulayıb.

 

Nazir Heydər Əliyevin respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən nəqliyyatın inkişafına, yeni nəqliyyat infrastrukturunun yaradılmasına böyük önəm verdiyini bildirib.

 

“Onun rəhbərliyi nəticəsində dəmir yolunda, hava və su nəqliyyatında əsaslı işlər aparıldı, yük və sərnişin daşımalarında intensivlik artdı, daşımaların həcmi yüksəldi. Şəhər nəqliyyatı, metropoliten sürətlə inkişaf etdi, yeni stansiyalar tikildi, sərnişin nəqliyyatı parkı yeniləndi”- deyə nazir qeyd edib.

 

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində nəqliyyatla yanaşı, rabitənin də inkişafına xüsusi diqqət göstərdiyini qeyd edən nazir onun uzaqgörən siyasəti nəticəsində rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin müasir tələblər səviyyəsinə çatdırılması üçün geniş islahatlar aparıldığını bildirib.

 

“Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni prioritet elan etməsi və sahənin inkişafını daim diqqət mərkəzində saxlaması sayəsində biz də informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün səylərimizi əsirgəmirik”.

 

Digər çıxışçılar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən, o cümlədən Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs ediblər. Qeyd olunub ki, ümummilli liderin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri bəlli oldu

0
0

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.

 

Olimpiadanın final mərhələsində respublika üzrə 16 ali təhsil müəssisəsinin 16 komandası iştirak edib.

 

Ümumilikdə isə, 24 ali təhsil müəssisəsindən 52 komanda qeydiyyatdan keçərək olimpiadaya qatılıb.

 

Beləliklə, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü və Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 4-cü yerə layiq görülüb.

 

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

 

Qeyd edək ki, qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə sponsorlar tərəfindən təqdim edilən qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla mükafatlandırılacaqlar.

17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

0
0

 

17 may bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Bu ümumbəşəri tarixin qeyd olunması Beynəlxalq Teleqraf  İttifaqının əsasının qoyulması ilə bağlıdır. Hazırda bu qurum Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanır.

 

2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.

 

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilib və 27 mart 2006-cı ildə 17 may tarixi “Beynəlxalq İnformasiya Günü” elan edilib.

 

Daha sonra, Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ilin noyabrında 17 may tarixini “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd etməklə bağlı qərar qəbul edib.

 

Ənənəvi olaraq BMT və BTİ baş katibləri bu gün ilə əlaqədar illik müraciətlə çıxış edirlər.

 

Artıq uzun illərdir ki, beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində 17 may tarixi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alır.

 

Bu günün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

 

Bu gün üçün  hər il bir mövzu müəyyən olunur. 2017-ci il üzrə “Böyük təsir üçün böyük həcmli verilənlər” mövzusu seçilib.  

 

Mövzunun məqsədi əsas diqqəti iritutumlu məlumatların potensialına və praktiki dəyərə malik natamam, mürəkkəb məlumatların informasiyaya çevrilməsi yolunun axtarışına yönəltməkdir.

 

Eyni zamanda, mövzu inkişaf etməkdə olan ölkələrdə  gənc novator və sahibkarların, kiçik və orta müəssisələrin, startap və texnoloji mərkəzlərin dayanıqlı inkişaf üzrə beynəlxalq məqsədlərə nail olması üçün fəaliyyətinin sürətləndirilməsini əhatə edir.

 

Azərbaycanın BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi - Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirməkdədir.

 

Ölkəmiz 1992-ci ildən bu təşkilatın üzvüdür.

 

Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.

 

İKT sahəsində nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilib. Həmin strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul olunmuş dövlət proqramları, əldə olunmuş nəticələr, informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır.

 

Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. 

Bakıda 22-ci “Bakutel” sərgi-konfransı çərçivəsində TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

0
0

 

Bakıda “Bakutel 2016” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə Nazirlər Toplantısı keçirilib.

 

Toplantıda çıxış edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İKT sahəsinin inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar fonunda TASİM layihəsinin əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, dünyada dinamik inkişaf edən İKT Azərbaycanda prioritet sahədir və daim Azərbaycan Respublikası Prezidentinin diqqət mərkəzindədir. Nazir dünya ölkələri arasında informasiya mübadiləsinin artan tələbatını qarşılamaq üçün TASİM-in xüsusi rola malik olduğunu qeyd edib.

 

Layihəyə qlobal səviyyədə siyasi dəstək verildiyini nəzərə çatdıran nazir bildirib ki, TASİM-in həyata keçirilməsi region ölkələrinin sosial-iqtisadi inkişafına, xüsusilə də elektron hökumət, elektron səhiyyə, elektron ticarət, elektron təhsil kimi sosial-iqtisadi fəaliyyətin yeni formalarının təşkili və inkişafına öz müsbət töhfəsini verəcək.

 

Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan çıxışında belə bir layihəyə tərəfdaş olmaqlarından məmnunluqlarını ifadə edib, gələcəyin qlobal layihəsi hesab edilən TASİM-in reallaşdırılması üçün bütün dəstəyin göstərilməsinə hazır olduqlarını qeyd ediblər.

 

Toplantıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Jao çıxış edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi bu layihə tərəfdaş ölkələrlə yanaşı, ümumən dünya üçün böyük əhəmiyyətə  malikdir. O qeyd edib ki, İKT-nin dinamik inkişafı fonunda belə layihələr gələcək perspektivlər  vəd edir.

 

Daha sonra çıxış edən Qazaxıstan Respublikasının informasiya və kommunikasiya nazirinin müavini Alan Azhibayev, Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Jin Shubo çıxış edərək, Azərbaycanın təşəbbüsü ilə formalaşan TASİM layihəsinin qlobal əhəmiyyətli olduğunu bildiriblər. 

 

Qeyd edək ki, TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.

 

Bu təşəbbüs 2008-ci ildə “Bakutel” sərgi və konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlər görüşü zamanı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən irəli sürülüb. Həmin il Bakıda “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilib. 2009-cu ilin 21 dekabr tarixində isə BMT Baş Assambleyasının 64-cü sessiyasında “Avrasiya Super İnformasiya Magistralı” layihəsinə dair qətnamə qəbul olunub. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunub. 2010-cu ilin aprel ayından etibarən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TASİM layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirməkdədir.

 

2012-ci ildə BMT-nin Baş Assambleyasında TASİM layihəsi üzrə növbəti qətnamə yekdilliklə qəbul edilib.  2013-cü ildə isə BMT Baş Assambleyasının 67-ci sessiyasının 98-ci plenar iclasında Azərbaycan Respublikasının təşəbbüsü ilə “Avrasiya Rabitə Alyansı”nın (Eurasian Connectivity Alliance - EuraCA) yaradılmasına dair müzakirələrin başlanılmasına dair qətnamə yekdilliklə qəbul olunub. Bu qətnamə “TASİM”-in yaradılmasının dəstəklənməsini nəzərdə tutur.

 

Alyansın əsas məqsədi TASİM layihəsinin həyata keçirilməsi prosesini sürətləndirməkdir.

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı konfrans keçirildi

0
0

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  ADA Universiteti ilə birgə 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş  tədbir keçirib.  

 

Bu günün qeyd olunmasının əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.

 

Məlum olduğu kimi, hər il dünyada 17 may ilə  əlaqədar silsilə tədbirlər təşkil olunur və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən elan edilən müvafiq mövzu ətrafında geniş fikir mübadiləsi aparılır.

 

Cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu “Sosial inkişaf üçün İKT sahibkarlığı”dır.

 

Tədbiri giriş sözü ilə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açaraq bu günün əhəmiyyəti, İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial  inkişafa təsiri barədə məlumat verib, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.

 

Sonra tədbir iştirakçılarına BTİ-nin Baş katibi Houlin Jaonun videomüraciəti təqdim edilib.    

 

Tədbir  “Sosial inkişaf üçün  İKT sahibkarlığı” mövzusunda  panel ilə davam etdirilib.

 

Paneldə İKT sahibkarlığının inkişafı, bu məqsədlə dövlət tərəfindən yaradılmış şərait, texnoloji parkların formalaşdırılması və inkişafı barədə geniş müzakirələr aparılıb.

 

Çıxış edən “StartUp”çılar və panel nümayəndələri ölkəmizdə “StartUp” hərəkatının genişlənməsi, innovativ ideyaların  dəstəklənməsinin vacibliyini vurğulayaraq bu sahədə  elm və təhsil müəssisələrinin rolunu da qeyd ediblər. İnformasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadr hazırlığının vacibliyi vurğulanıb və bu sahədə təcrübə bölüşülüb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Sonra 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərini  mükafatlandırma mərasimi keçirilib.

 

Artıq 10 ildir ki,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.

 

Bu olimpiadaya digər illərdən fərqli olaraq  çox sayda iştirakçı qatılıb. Bakı şəhərində yerləşən universitetlərlə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, o cümlədən Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət, ümumilikdə 22 ali təhsil müəssisəsindən 55 komanda olimpiadada iştirak edib. Olimpiada mövcud qaydalara əsasən iki mərhələdə keçirilib. 13 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 13 komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

 

Nəticələrə əsasən, Qafqaz Universitetinin komandası 1-ci, Bakı Ali Neft Məktəbinin komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları 3-cü yer, Milli Aviasiya Akademiyasının və ADA Universitetinin komandaları isə 4-cü yeri tutmuşlar. Region komandaları arasında ən yaxşı nəticəni Azərbaycan Dövlət Aqrar Universitetinin komandası göstərib.

 

Qaliblər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla, habelə tutduqları yerə uyğun olaraq “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətləri tərəfindən qiymətli hədiyyələr ilə  mükafatlandırılıb.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov da tədbirdə iştirak edib və çıxışında belə olimpiadaların tələbələrin öz biliklərini və bacarıqlarını nümayiş etdirməyə, ölkəmizin kadr hazırlığına töhfə verdiyini söyləyib.

 

Tədbirdə Qafqaz Universiteti bu illər ərzində olimpiadanın keçirilməsində göstərdiyi dəstəyə görə Fəxri diplomla təltif edilib.


Ölkəmiz "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda təmsil olunub

0
0

 

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından ibarət 40-a yaxın Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində cari ilin 19-22 aprel tarixlərində keçirilən "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda iştirak edib.

 

Qeyd edək ki, 23-cü dəfə təşkil olunan "TİBO-2016" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

 

Tədbirin açılış mərasimində Belarus Respublikasının baş nazirinin müavini Anatoli Kalinin, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao, Regional Rabitə Birliyinin direktoru Nuruddin Muxitdinov, Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, eləcə də, digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

 

Sərgidə təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar.

 

Bundan başqa, sərgi çərçivəsində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi arasında hər iki ölkənin informasiya texnologiyaları üzrə şirkətlərinin iştirakı ilə3-cü Belarus-Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) Forumu keçirilib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında iştirak edir

0
0

 

Mayın 15-də Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş qərargahında bu təşkilatın Şurasının illik sessiyası işinə başlayıb. Azərbaycan nümayəndə heyəti iclasda iştirak edir.

 

Şura BTİ-nin ali orqanıdır, illik iclasında təşkilatın keçən ildə fəaliyyətini qiymətləndirir, hesabatları təsdiq edir, yeni birillik müddətə planları müəyyənləşdirir.

 

BTİ-nin 193 üzv ölkəsindən yalnız 48-i Şuranın üzvüdür, Azərbaycan 2014-cü ildə Şuraya üzv seçilmişdir.

 

Azərbaycan nümayəndə heyəti Şuranın iclasında fəal iştirak edir, gündəlikdəki məsələlər üzrə təkliflərini bildirir, çoxsaylı görüşlər keçirir.

 

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir və günün mövzusuna uyğun olaraq “Böyük təsir üçün böyük həcmli verilənlər” mövzusunda toplantı keçirilir. Toplantıda inkişaf məqsədləri üçün böyük verilənlərin potensialından istifadə və inkişafı dəstəkləmək üçün böyük həcmli verilənlərin informasiyanın əldə edilməsinə imkanları müzakirə olunur.

 

Sessiya öz işini mayın 25-dək davam etdirəcək.

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qalibləri mükafatlandırılıb

0
0

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

11-ci Olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü və Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası        4-cü yer tutub.

 

Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla, habelə  “Nar” operatoru və “BestComp Group” şirkətinin qaliblərə təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə qaliblər sırasından seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

 

Olimpiada iki mərhələdə keçirilir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın “www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı aparılır. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.

 

Olimpiadanın final mərhələsinə isə hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda vəsiqə qazanır.

 

Bu il  respublika üzrə 24 ali təhsil müəssisəsindən 52 komanda “www.olimpiada.az” saytında qeydiyyatdan keçərək Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərib.

 

Bu il Olimpiadada müxtəlif komandaların tərkibində təmsil olunan iştirakçıların sayı 200 nəfərdən çox olub ki, onlardan da 20 nəfərdən çoxu qızlar olub.

 

Olimpiadanın final mərhələsində isə respublika üzrə 16 ali təhsil müəssisəsinin, o cümlədən 4-ü bölgələrdən olan 16 komandası iştirak edib və ən yaxşı nəticə göstərən 4 komanda qalib olub.

Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

0
0

 

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-ci iclası keçirilib.

 

Tədbirdə “Elektron hökumət”, “Elektron imza”, peyk xidmətləri, kibertəhlükəsizlik, “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi və fiber-optik infrastrukturunun inkişafı mövzularında altqrupların iclasları təşkil olunub. Qeyd olunan sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

 

İclaslarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib.

 

Ölkəmizin "Elektron hökumət", "Elektron imza" infrastrukturu barədə təqdimatla çıxış edən Məlumat Hesablama Mərkəzi Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov sosial xidmətlərin elektronlaşdırılması, sənəd mübadiləsinin avtomatlaşdırılması və elektron imzanın tətbiqi barədə ətraflı məlumat verib. H.Abbasov bildirib ki, Azərbaycanın elektronlaşma sahəsində əldə etdiyi uğurlar elektron imzanın dövlətlərarası tanınmasına imkan verir.

 

E-hökumət altqrupu təqdimatlar və müzakirələr əsasında mobil tətbiqlər, “bir pəncərə” prinsipi üzrə elektron xidmət təminatı, açıq məlumatlar və s. üzrə təcrübə mübadiləsinin aparılmasını, bununla əlaqədar təlimlərin təşkil olunmasını, ümumi layihələrin hazırlanması üçün hər bir üzv dövlətin elektron hökumət sisteminin araşdırılmasını qərara alıb.

 

Sonda türkdilli dövlətlər arasında elektron imzanın tanınması məqsədi ilə ilkin şəraitin yaradılması ilə bağlı razılıqəldə olunub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan arasında elektron imzanın tanınması üçün tələb olunan məlumatların təmin edilməsi məqsəd olaraq qarşıya qoyulub.

 

Həmçinin, şuraya üzv dövlətlər arasında ortaq elektron xidmətlərin hazırlanması müzakirə olunub.

Yaxın vaxtlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı istifadəyə veriləcək

0
0

 

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “www.mincom.gov.az” saytında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adının dəyişdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi qeyd edilməməsi ilə bağlı əsassız məlumatlar yer alır.

 

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2017-ci il tarixində  Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Təftiş Komissiyası işini davam etdirir.  Hazırda iki nazirliyin birləşmə prosesi aparılır. Yeni yaradılan nazirliyin Əsasnaməsi və Strukturu təsdiq edildikdən sonra nazirliyin yeni yaradılan saytı və domen ünvanı da zəruri dəyişikliklər edilərək ictimaiyyətə təqdim olunacaq.

 

Hazırda həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı (www.mincom.gov.az) həm də Nəqliyyat Nazirliyinin saytı (www.mot.gov.az) istifadəçilərin ixtiyarındadır.  KİV-də qeyd olunanların əksinə olaraq, hər iki saytda ölkə başçısının müvafiq Sərəncamları “Qanunvericilik” bölməsinin “Sərəncamlar” alt bölməsində yerləşdirilib. 

 

Media nümayəndələrindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq görülən tədbirləri kontekstindən çıxartmayaraq cəmiyyətə savadlı formada çatdırmaqda səylərini əsirgəməməyi xahiş edirik. 

Viewing all 238 articles
Browse latest View live




Latest Images